Dövlətimizin rəmzləri

Dövlət bayrağı

Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç rəngli, üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir:

üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. Bütün bunlar konkret olaraq "Türk soylu, islam imanlı Azərbaycan çağdaş - müasir dünya ilə ayaqlaşsa, öz səadət və xoşbəxtliyini tapar" anlamını verir.

Dövlət gerbi

Dövlət gerbiAzərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 1993-cü il 19 yanvar tarixli 460 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının gerbi haqqındakı Əsasnamədə Dövlət gerbimiz belə təsvir olunur: "Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir". Burada qalxan - birlik, müdafiə, müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov - odlar yurdunun; palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə bərəkətin, bolluğun rəmzidir. Gerbdə də bayraqdakı ideyalar - dünya xalqlarına əmin-amanlıq, firavanlıq, xoşbəxtlik və səadət arzulayır. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" - fikrini verir.

Dövlət himni

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Dövlətimizin rəmzlərinə hörmət etmək hər birimizin ən ümdə və müqəddəs vəzifələrindən biridir.