Qanlı yaddaşımız

20 Yanvar

Qanlı yaddaşımız 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana hərbi təcavüz edərək, böyük itkilərə, günahsız insanların kütləvi qətliamına səbəb olmuş Qanlı Yanvar faciəsini törətdilər. O gecə Bakı qan içində boğulurdu. Azərbaycan 70 il əvvəl olduğu kimi yenə faciəyə düçar edildi.

Həmin faciəni unutmaq olmaz! Unutsaq azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin şey yoxdur.

20 Yanvarı təkcə faciə, hüzn günü kimi qiymətləndirmək olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, dünyanı heyrətə gətirən mərdlik, igidlik, haqsevərlik mübarizəsinin böyük təntənəsi kimi qiymətləndirilməlidir.

Xocalı faciəsi

1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri Xankəndində yerləşən rus hərbi hissələrinin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki daha bir yaşayış məntəqəsini - Xocalını yerlə yeksan edərək, xarabalığa çevirdi. Bu, əsl soyqırımı idi. Bu faciə ermənilərin törətdikləri ən qanlı, ən dəhşətli faciə idi. Bu hadisə bütün türk dünyasının tarixi faciəsi oldu. Xocalı faciəsini törətməklə ermənilər azərbaycanlılara qarşı nifrətlərini, vəhşiliklərini bütün dünyaya nümayiş etdirdilər. Bu isə dünya ictimaiyyətini qətiyyən narahat etmədi. Sanki heç belə bir hadisə baş verməmişdi.

Azğın erməni quldurları Xocalı adlı şəhəri yer üzündən sildilər. İtkin düşənlərin və əsirlərin sonrakı taleyi barədə hələ də heç bir xəbər yoxdur.

31 Mart azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu, son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olmuşdur.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi, bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur.

Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdır.