Qarabağımız Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid insan məskənləri aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıx adamının çənə sümüyü tapılmışdır. Çox güman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar.

Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Alban dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində böyük dəyişikliklər baş verdi. Ərəb işğalı nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə, Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ermənilərin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katolikosluğunu ləğv etməsi Qarabağın alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ da, ərəblərin işğalından sonra Azərbaycanda bir-birini əvəz etmiş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.

Azərbaycanda Səfəvilər dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının birləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər dövlətinin süqutundan və Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Kürəkçayda Rusiya silahlı qüvvələrinin komandiri, general Sisiyanov ilə müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi dağlıq bölgə də daxil olmaqla Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra çarizm bu torpaqlarda mövqelərini möhkəmləndirmək məqsədi ilə erməniləşdirmə siyasəti yeritməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İrandan və Türkiyədən köçürülmüş ermənilər, Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanda məskunlaşdırıldılar.

1918-ci il mayın 28-də təxminən 100 il Rusiyanın əsarəti altında olmuş Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Həmin dövrdə yeni yaradılmış Ermənistan Respublikası (Ararat) da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Ermənilər Qarabağı ələ keçirmək məqsədi ilə əvvəllər də həyata keçirdikləri soyqırımı aktlarını törətməkdə davam edirdilər. Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını birləşdirərək Baş Qarabağ əyaləti yaratdı.

1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş qərəzli və məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığı parçalandı. Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə vadar edildi.

1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu. SSRİ-nin dağılmasından sonra 1917-ci ilin fevralında çar hökumətinin süqutu nəticəsində yaranan tarixi şəraitə bənzər vəziyyət təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədən hərbi əməliyyata başladılar. (Azərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilən soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məskənlərinin işğalına başlandı.

1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış könüllülərdən ibarət Azərbaycan dəstələrinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər.

1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə bəşəriyyətə qarşı törədilən ən kütləvi və ən dəhşətli soyqırımıdır.

Ermənistan hərbi qüvvələrinin erməni separatçı-terrorçuları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı apardığı bu müharibədə keçmiş Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə, 1992-ci ilin martında respublikaya rəhbərlik edən Ayaz Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.

1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirdilər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri hələ də yerinə yetirmirlər.

1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalandı.

Azərbaycanın işğal olunmuş əraziləri:

Dağlıq Qarabağ
Ərazisi - 4388 kv. km.
Əhalisi (1989) - 189.085
Ermənilər - 145.450 (76,9%)
Azərbaycanlılar - 40.688 (21,5%)
digər millətlər - 2.947(1,6%)

Dağlıq Qarabağın Şuşa rayonu
Ərazisi - 381 kv.km
Əhalisi - 20.579
Azərbaycanlılar - 19.036 (92,5%)
Ermənilər - 1.377 (6,7%)
İşğal olunmuşdur - 8 may 1992-ci il

Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlar:
Laçın rayonu – 18 may 1992-ci il
Kəlbəcər rayonu - 2 aprel 1993-cü il
Ağdam rayonu - 23 iyul 1993-cü il
Füzuli rayonu - 23 avqust 1993-cü il
Cəbrayıl rayonu - 26 avqust 1993-cü il
Qubadlı rayonu - 31 avqust 1993-cü il
Zəngilan rayonu - 28 oktyabr 1993-cü il

Təcavüzün qurbanları:
Həlak olmuşdur - 20.000
Əlil olmuşdur - 50.000

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dağıdılmışdır:
Yaşayış məntəqələri - 890
Evlər - 150.000
İctimai binalar - 7.000
Məktəblər - 693
Uşaq bağçaları - 855
Tibb müəssisələri - 695
Kitabxanalar - 927
Kilsələr - 44
Məscidlər - 9
Tarixi saraylar - 9
Tarixi abidələr və muzeylər - 464
Muzey eksponatları - 40.000
Sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000
Avtomobil yolları - 800
Körpülər - 160
Su kommunikasiyaları - 2.300 km
Qaz kommunikasiyaları - 2.000 km
Elektrik xətləri - 15.000 km
Meşələr - 280.000 ha
Kənd təsərrüfatı üçün yararlı torpaqlar - 1.000.000 ha
İrriqasiya sistemləri - 1.200 km

Bütün dağıntılar 60 milyarddan çox ABŞ dolları məbləğində qiymətləndirilir.