Bayramlar
Görkəmli bəstəkarlarımız

Üzeyir Hacıbəyov

Dahi bəstəkarımız Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. O, Azərbaycan peşəkar musiqi sənətinin və milli operamızın banisidir. Onun yazdığı "Leyli və Məcnun" əsəri Azərbaycan opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyovun "Şeyx Sənan", "Əsli və Kərəm", "Koroğlu" operaları, "O olmasın, bu olsun", "Arşın mal alan" operettaları dünyanın bir çox məşhur opera səhnələrində oynanılmışdır.
Dahi bəstəkarımız 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmişdir.

Müslüm Maqomayev

Görkəmli bəstəkar Müslüm Maqomayev 1885-ci ildə anadan olmuşdur. Bəstəkarın yaradıcılığında "Şah İsmayıl" və "Nərgiz" operaları xüsusi yer tutur.
M. Maqomayev 1937-ci il iyunun 28-də Nalçik şəhərində vəfat etmişdir.

Qara Qarayev

Azərbaycanın görkəmli bəstəkarlarından biri də Qara Qarayevdir. O, 1918-ci ildə Bakıda anadan olmuşdur. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tələbələrindəndir.
"Vətən" operasının, "Leyli və Məcnun" simfonik poemasının müəllifidir.
Qara Qarayev "Uzaq sahillərdə", "Tarixin dərsi", "Don Kixot", "Dənizi fəth edənlər" və sair kinofilmlərə musiqi yazmışdır. O, 1982-ci il mayın 2-də vəfat etmişdir.

Tofiq Quliyev

Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən biri Tofiq Quliyevdir.
Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində doğulmuşdur. O, Azərbaycan kino musiqisinin inkişafında böyük rol oynamışdır. Bəstəkar "Sevimli mahnı", "Görüş" , "Qızmar günəş altında " , "Ögey ana " , " Telefonçu qız" , "Belə ada da vardır", "Nəsimi " və sair filmlərə musiqi bəstələmişdir. Tofiq Quliyev "Aktrisa " (1943) , "Qızılaxtaranlar "(1963) , "Sənin bircə sözün " (1967), " Tahirin süqutu"(1972), "Sabahın xeyir, Ella " (1973) operettalarının müəllifidir.

Səid Rüstəmov

Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmov 1907-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, "Xatirə", "Gümüş telli", "Ağ çiçəklər", "Oxu tar", "Xəzər" mahnılarının müəllifidir. Bəstəkar 1983-cü il iyulun 10-da vəfat etmişdir

Fikrət Əmirov

Məşhur Azərbaycan bəstəkarı, xalq artisti Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, "Ürək çalanlar", "Gözün aydın" operettalarının müəllifidir. Bəstəkarın ən məşhur əsəri "Min bir gecə " baletidir. Xalqımızın sevimli bəstəkarı Fikrət Əmirov 1984-cü ildə vəfat etmişdir.

Niyazi

Görkəmli dirijor və bəstəkar Niyazi Tağızadə 1912-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
O, "Xosrov və Şirin " və "1920-ci il" operalarının, "Çitra" baletinin müəllifidir. Niyazinin istedadı, musiqi mədəniyyətimizin inkişafı naminə fəaliyyəti ən yüksək fəxri adlara layiq görülmüşdür. Maestro bir sıra xarici ölkələrin orden və medalları ilə təltif olunmuşdur. Görkəmli sənətkarımız Niyazi 1984-cü ildə vəfat etmişdir.